31.3.16
30-31 mart tarixlərində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbində 31 mart - Soyqırımına həsr olunmuş sərgi nümayiş edildi. Sərgi zamanı ilk öncə Soyqırım haqqında məlumat verildi. Bildirildi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qırğınlar törədilmişdir. Rəsmi mənbələrə əsasən Soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı günü elan edilmişdi. Sonra sərgidə məktəbin incəsənət şöbəsinin şagirdlərinin rəsm işləri sərgiləndi. Məktəb şagirdləri tərəfindən sərgiyə baxış keçirildi.
17.3.16
Martın 17-də 5 nömrəli uşaq incəsənət məktəbində Novruz bayramına həsr olunmuş konsert keçirildi. Konsertdə incəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək bildirdi ki, Novruz bayramını qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır. Novruz Azərbaycanla yanaşı İranda,Türkmənistanda,Tacikistanda,Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Həmçinin, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz günü" elan edilmişdir. Daha sonra məktəbin şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri dinlənildi, incəsənət şöbəsinin şagirdlərinin sərgisi sərgiləndi. Sonda məktəbin direktoru Emin Nağıyev müəllimləri, şagirdləri, valideynləri Novruz bayramı münasibətilə təbrik etdi.
10.3.16
Martın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbi 8 mart -Beynəlxalq Qadınlar günü münasibətilə və Novruz bayramı ərəfəsində Qaradağ rayonun Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyində uşaqlarla görüş keçirdi. İlk öncə məktəbin incəsənət şöbəsinin şagirdləri baxça uşaqlarıyla xoş ünsiyyət yaratdılar. Onlar gətirdikləri plastilinlərlə işləməyi, karandaş və rəngli boyalarla şəkil çəkməyi uşaqlara öyrətdilər.Bu yaradıcılıq prosesi baxça uşaqlarını çox maraqlandırdı. Qüsurlu olmalarına baxmayaraq, uşaqların çox istedadlı, incəsənətə maraqlı olduqlarını aşkar etdi. Sonra məktəbin şagirdləri konsertlə çıxış etdilər. Uşaqlar maraqla dinlədilər, mahnı oxudular, rəqs etdilər. Sonda məktəb tərəfindən uşaqlara hədiyyələr verildi.
Подписаться на:
Сообщения (Atom)